Azərbaycan hökuməti 2020-ci ilədək maliyyə dərinliyini (kreditlərin qeyri-neft ÜDM-nə nisbəti) 60%-ə çatdırmağı nəzərdə tutur. Bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
2015-ci ilin yekunları üzrə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi 21,7 mlrd. manat, qeyri-neft ÜDM-nin – 37,67 mlrd. manat təşkil edib. Beləliklə, maliyyə dərinliyi 57,6% səviyyəsində olub.
Strateji Yol Xəritəsinə əsasən, maliyyə xidmətlərinin inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi 2020-ci ilədək bir sıra strateji hədəflərə nail olmağa imkan verəcək. Bu hədəflər maliyyə dərinliyinin 60%-ə çatdırılması, bank sektorunun gəlirliliyinin 2015-ci ilin göstəricisi ilə müqayisədə 7% artırılması, qeyri-işlək kreditlərin xüsusi çəkisinin 8%-dək azaldılmasından ibarətdir (2016-cı ilin I rübündə bu göstərici 16,8% təşkil edib).
“Strateji hədəflər bunlardır: maliyyə sisteminin daxili və xarici şoklara davamlılığının təmin edilməsi, maliyyə sistemi infrastrukturunun gücləndirilməsi, maliyyə sisteminin inkişaf potensialının yüksəldilməsi”, - deyə sənəddə bildirilir.
Bu hədəflərə çatmaq üçün Azərbaycan hökuməti 2016-2020-ci illərdə bank sektorunda likvidlik və kapitalla bağlı problemləri həll etmək niyyətindədir.
"2025-ci ilədək qarşıda duran vəzifələr isə bank srktorunda konsolidasiya proseslərinin sürətləndirilməsi, bankların mənfəətliliyinin artırılması ilə bağlıdır", - deyə Strateji Yol Xəritəsində vurğulanır.
Azərbaycan hökuməti 2025-ci ilədək səhm və istiqraz bazarının səmərəli fəaliyyətini təmin etməyi, kredit bürolarının infrastrukturunu təkmilləşdirməyi, bank sektorunu Bazel III standartlarına uyğunlaşdırmağı planlaşdırır.
2025-ci ilədək informasiya-kommunikasiya texnologiyalarının müasir nailiyyətləri hesabına bank xidmətlərindən istifadə səviyyəsinin genişləndirilməsi və beləliklə, bank əməliyyatlarının 90%-dən çoxunun alternativ kanallar vasitəsilə aparılması nəzərdə tutulur.
Bundan başqa, 2025-ci ilədək bank xidmətlərinin səviyyəsinin aparıcı dünya standartlarına çatdırılması planlaşdırılır.*
A.Əzizov