Xəzər dənizində itikin düşmüş neftçilərin axtarışı barədə Azərbaycan prezidenti İlham Əliyevə məruzə edilir. Bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
“Dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan prezidentinə məruzə edilib. Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. Bu saata kimi bir nəfərin cəsədi tapılıb. İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir”, - deyə məlumatda deyilir. **
R.Babayev