Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi üzrə konsorsium layihənin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təsisatlarından $4 mlrd. cəlb edə bilər. Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində deyib.
«Banklarla beynəlxalq maliyyə institutlarından TANAP layihəsi üçün vəsaitin cəlb olunması ilə bağlı danışıqlar aparılır. Hələ ki, konkret nəticələr əldə olunmasa da, güman edirik ki, danışıqlar $4 mlrd. cəlb etməyə imkan verəcək», - deyə o qeyd edib.
Şirkətin prezidenti əlavə edib ki, danışıqlar Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə təsisatları ilə aparılır.
“Bundan başqa, 58%-i "Cənub Qaz Dəhlizi" QSC-yə məxsus olan TANAP səhmlərinin 8%-nin "SOCAR Turkey Energy A.Ş."yə satılması indiyədək nəzərdən keçirilir. Biz bu istiqamətdə müəyyən işə başlamışıq. Bu əqdin rəsmiləşdirilməsini gözləyirik”, - deyə R.Abdullayev vurğulayıb.*
N.Abbasova