İndiyədək Türkiyədə “STAR” Neft Emalı Zavodunun tikinti layihəsinə yatırılan sərmayələrin həcmi $3,7 mlrd. təşkil edir. Bu barədə SOCAR şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Türkiyənin “Anadolu” Agentliyinə müsahibəsində bildirib.
“STAR” NEZ-in tikinti layihəsinə indiyədək $3,7 mlrd. vəsait sərf olunub. Layihə üzrə işlərin 80%i yerinə yetirilib. Cari ilin sonundan etibarən və 2017-ci il ərzində çənlərin tikintisi, o cümlədən, maşın və avadanlığın quraşdırılması həyata keçiriləcək”, deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, maşın və avadanlığın quraşdırılması üçün infrastrukturun yaradılması, ağır avadanlığın tədarükünə dair işlər artıq başa çatıb.
2018-ci ildə “STAR” NEZ-in istifadəyə verilməsi gözlənilir.
R.Abdullayev xatırladıb ki, Türkiyədə layihələrin reallaşdırılması ilə SOCAR-ın bu ölkənin iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi $18 mlrd.-ı ötəcək.
O bildirib ki, bu layihələr ticarət balansının kəsiri və enerji daşıyıcılarının idxalının azalması kimi məsələlərin həllinə töhfə verəcək.
“Biz inanırıq ki, güclü dövlətçilik ənənələri və fəal inkişaf edən iqtisadiyyatı olan Türkiyə dünyanın aparıcı ölkələr sırasına daxil olacaq. Enerji habı olan Türkiyə yaxın zamanda dünyada mövqelərini gücləndirəcək və həm regionda, həm də bütövlükdə dünyada enerji təhlükəsizliyinin təminatında vacib ölkəyə çevriləcək. Azərbaycanın, həmçinin SOCAR-ın bu məsələyə verdiyi töhfə ilə qürur duyuruq”, - deyə R.Abdullayev bəyan edib. **
N.Abbasova