Status-kvonun dəyişilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlansının əsasını təşkil edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsasını təşkil etməlidir”, - deyə İ.Əliyev bu gün Gürcüstanın müdafiə naziri Levan İzoria ilə görüş zamanı bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev vurğuladı ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.
Ölkələr arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən prezident, strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirdi.
İ.Əliyev iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirdi ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.
Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən L.İzoria Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
L.İzoria ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğuladı. **
R.Babayev