2016-cı ilin yanvar-oktyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 41 mln. 356,4 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 11 mln. 456,4 min tonu və ya 27,7%-i dəmir yolu nəqliyyatı, 25 mln. 984,9 min tonu və ya 62,8%-i avtomobil nəqliyyatı, 3 mln. 915,1 min tonu və ya 9,5%-i dəniz nəqliyyatının payına düşüb.
“Bu ilin yanvar-oktyabr aylarında TRACECA dəhlizi ilə yük daşımalarının həcminin azalması ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə daşınmış yüklərin həcmində müvafiq olaraq 11,9% və 24,7% azalma ilə əlaqədardır. Hesabat dövründə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7% artıb”, - deyə məlumatda qeyd olunur.
TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 6 mln. 171,2 min ton və ya 14,9% tranzit yüklərin payına düşüb.
2016-cı ilin yanvar-oktyabr aylarında dəhliz vasitəsilə 280,7 mln. sərnişin (artım 2,2%) daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.*
N.Abbasova