Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Salyan rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF ixtisaslaşdırılmış “yaşıl market”, müasir heyvandarlıq kompleksi, intensiv bağçılıq, taxılçılıq, soya yetişdirilməsi təsərrüfatlarının, istixana təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Salyan rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 200 mln. manat təşkil edəcək.**
A.Əzizov