Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları fondun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsini tədricən artırır.
Xəbər verildiyi kimi, cari ilin may ayından oktyabr ayına qədər fond tərəfindən ipoteka krediti verilməyib.
Məlumata görə, indiyədək fondun xətti ilə verilən ipoteka kreditlərinin ümumi sayı 18,086 min təşkil edir. Son həftə ərzində agent banklar tərəfindən 22 ipoteka krediti verilib. 2006-cı ildən etibarən AİF-in vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 736 mln. 428,65 min manat təşkil edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
A.Əzizov