1-10 oktyabr 2018-ci il tarixlərində Qəbələdə əhalinin sınaq siyahıyaalınması keçiriləcək. Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
2016-cı il sentyabrın 7-də prezident İlham Əliyev 2019-cu il 1-10 oktyabr tarixlərində Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.
"2018-ci il oktyabrın 1-10-da respublikada əhalinin siyahıyaalınmasının keçirilməsinə hazırlıq məqsədilə Qəbələ rayonunda əhalinin sınaq siyahıyaalınması keçiriləcək”, - deyə qərarda bildirilir.
Bu məqsədlə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılır. Komissiya əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətlərini əlaqələndirəcək.
24 nəfərdən ibarət komissiyanın sədri baş nazirin müavini Elçin Əfəndiyevdir. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov komissiya sədrinin müavini təyin olunub.
Hökumətin qərarına əsasən, 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi qaydaları 2018-ci il may ayının 1-dək hazırlanıb təsdiq edilməlidir.*
R.Babayev