Rusiyanın Azərbaycandakı səfirliyində bu ölkənin Türkiyədəki qətlə yetirilmiş fövqəladə və səlahiyyətli səfiri Andrey Karlovun xatirəsinə həsr olunmuş başsağlığı kitabı açılıb. Bu barədə səfirlikdən məlumat verilib.
“Kitabda 21 dekabr saat 10.00-dan 13.00-dək və 22 dekabr saat 10.00-dan 13.00-dək ürək sözlərini yazmaq olar”, - deyə məlumatda deyilir.
Ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən polis əməkdaşı Mert Altıntaş təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.
Rusiya XİN bu sui-qəsdi terror aktı kimi qiymətləndirib. Türkiyə XİN başçısı Rusiyanın səfirinin qətlini iki ölkə arasında əlaqələrə təsir etməyəcək “alçaq hərəkət” adlandırıb. O əlavə edib ki, istintaqın araşdırılmasında Türkiyə tərəfindən lazımi dəstək göstəriləcək. Türkiyə mətbuatının məlumatına görə, xüsusi xidmət orqanları tərəfindən M.Altıntaşın qohumları artıq saxlanlıblar. Qətlin törədilməsində şübhəli bilinən daha iki nəfərin axtarışı davam edir. **
A.Əzizov