MDB-yə üzv ölkələr arasında sərbəst qarşılıqlı münasibətlər mövcuddur. Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
«MDB bu gün unikal və tələb olunan alətdir. MDB-də “çubuq intizamı” yoxdur. Hər kəs öz həyatını necə yaşamağı və qonşularla necə münasibət qurmağı özü seçir», - deyə o, bu gün MDB-nin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.
Səfirin sözlərinə görə, “kimsə MDB-də parlaq gələcək nümunəsini görür, kimsə isə ümid edir ki, onun əsasında SSRİ- bərpa edilə bilər".
«Bu gün müxtəlif ölkələrdə MDB-yə fərqli münasibətlər formalaşıb. Lakin heç kim demir ki, gəlin ayrılaq və ayrı-ayrı yaşayaq. Biz bir-birimizə hörmətlə yanaşaraq bərabər hüquqlu dövlətlər kimi əməkdaşlıq etməyi öyrənmişik. Hər bir ölkə onun üçün daha vacib olanı əldə etməyi öyrənib. Bu, əsasında irəli getməyin mümkün olduğu bazadır», - deyə o qeyd edib.
Diplomat əlavə edib ki, MDB dünya və regional siyasətin reallığı və amilidir.
«Müxtəlif ölkələr MDB ilə münasibətlərini müxtəlif şəkildə qurur. Birliyin və fikir ayrılıqlarının olduğu məsələlər var, lakin biz onları dramatikləşdirməməyi öyrənmişik», - deyə V.Doroxin vurğulayıb.*
R.Babayev