Rusiyanın 2017-ci ildə MDB-də sədrliyi dövründə iqtisadi istiqamət əsas prioritetdir. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
«Gələn il Rusiyanın MDB-də sədrliyi dövründə əsas prioritet iqtisadiyyatdır. İqtisadiyyatı MDB-nin aktivinə daxil etmək lazımdır, çünki ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq olmasaydı, çətin olardı», - deyə o, bu gün Bakıda MDB-nin yaranmasının 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.
Səfirin sözlərinə görə, əməkdaşlıq postsovet ölkələrinə SSRİ dağıldıqdan sonra yaranmış xaosda mövcud olmağa kömək etdi. «Ölkələrin davam gətirməsi iri hüquqi bazanın yaradıldığı MDB çərçivəsində qəbul edilmiş qərarların hesabına mümkün oldu. İndi iqtisadi sahədə əməkdaşlıq qurmaq vacibir, çünki bu ilin I yarısında MDB ölkələri arasında qarşılıqlı ticarət dövriyyəsi 2015-ci ilin I yarısı ilə müqayisədə 20% azalıb», - deyə o qeyd edib.
V.Doroxin vurğulayıb ki, azad ticarət haqqında müqavilə MDB ölkələrinin bir çoxu üçün strateji istiqamətdir.
«Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinə gəlincə, dollar ekvivalentində dövriyyənin həcmi azalıb, fiziki nisbətdə isə 25% artıb», - deyə diplomat əlavə edib.
Onun sözlərinə görə, humanitar, xarici siyasi əməkdaşlığın inkişaf etdirilməsi də RF-nin MDB-də sədrliyi dövründə prioritet olacaq. «Biz MDB ölkələrinin beynəlxalq aləmdə güclənməsinə töhfə verməyə, biznes əlaqələri qurmağa, qlobal təhdidlərə qarşı mübarizə aparmağa can atırıq», - deyə o bildirib.*
R.Babayev