2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 202 mln. 574,1 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-noyabr aylarında qeyri-neft yükdaşımalarının həcmi 2,5% - 151,3 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 82,1%, dövlət sektorunun payına 17,9% düşüb. Bu dövrdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 14 mln. 3,2 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2015-ci ilin 11 ayının göstəricisindən 10,6% azdır.
Cari ilin yanvar-noyabr aylarında respublikanın dəniz nəqliyyatı ilə 5 mln. 163,6 min ton (azalma 16,8%), avtomobil nəqliyyatı ilə 129 mln. 417,2 min ton (artım 2,8%), hava nəqliyyatı ilə 142,5 min ton (artım 23,6%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 40 mln. 249,8 min ton neft (azalma 4,2%) nəql edilib. 30 mln. 936,9 min ton və ya nəqlin bütün həcminin 76,9%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunub. 2016-cı ilin yanvar-sentyabr aylarında BTC neft kəməri ilə 4,1 mln. ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
N.Abbasova