Cari ilin yanvar–oktyabr ayları ərzində Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) ölkələri ilə ticarət dövriyyəsi 1,9 mlrd. ABŞ dollar təşkil edib. Bunun 1 mlrd. ABŞ dolları idxal, 900 mln. ABŞ dolları isə ixracın payına düşüb. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşü zamanı bildirib.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandaxildir.
“Həmin ölkələrin Azərbaycanın ticarət dövriyyəsində payı 14%, idxalda - 15%, ixracda - 13% təşkil edir”, - deyə nazir bəyan edib.
Şahin Mustafayevin sözlərinə görə, Azərbaycanın Türkiyəyə qoyduğu ümumi investisiyaların həcmi 8 mlrd. ABŞ dollarə təşkil edir. Bunun $6,7 mlrd.-ı “Petkim”, “STAR” və “TANAP” layihələrinə yatırılıb. 2020-ci ilə qədər Azərbaycan Türkiyəyə yatıracağı investisiyaların həcmi 18-20 mlrd. ABŞ dolları təşkil edəcək.
Azərbaycanın Qazaxıstana qoyduğu investisiyaların həcmi 190 mln. ABŞ dolları təşkil edir.
“Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 10 mlrd. ABŞ dolları təşkil edir ki, bunun da 2,6 mlrd. ABŞ dolları qeyri-neft sektoruna yatırılıb. Qazaxıstan Azərbaycana 67 mln. ABŞ dolları həcmində investisiya qoyub. Qırğızıstanla ticarət və investsiya əlaqələrini genişləndirmək lazımdır”, - deyə Ş.Mustafayev vurğulayıb.
Onun sözlərinə görə, Türk Şurasının ölkələrindən 2,7 mindən artıq şirkət Azərbaycanda qediyyatdan keçib.
Nazir quruma daxil olan ölkələr arasında ixrac-idxal əməliyyatlarının həyata keçiriləcəyi mümkün məhsulların qruplarını təhlil etməyi təklif edib. “Sərmayələr, tranzit, turizm sahələrində əməkdaşlığın inkişafı üçün imkanlar var”, - deyə nazir qeyd edib. **
A.Axundov