Türkiyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) ölkələrinə qarşılıqlı ticarət əməliyyatları zamanı milli valyutada hesablaşmaları aktivləşdirməyi təklif edir.
“Türkiyə milli valyutada ticarətə böyük önəm verir və ümumi ticarət dövriyyəsində onun payını 10%-də artırmaq niyyətindədir”, - deyə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybedkçi bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşü zamanı bildirib.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.
Nazirin sözlərinə görə, Türkiyənin illik ticarət dövriyyəsi 430 mlrd. ABŞ dolları təşkil edir, bu rəqəmin 1%-i Türk Şurasına daxil olan ölkələrlə ticarəti payına düşür.
“Biz bu vəziyyəti düzəltməli və qarşılıqlı ticarəti aktivləşdirməliyik”, - deyə N.Zeybedkçi bildirib.
Nazir elektron ticarət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O ixracın dəstəklənməsi üzrə birgə proqramların hazırlanması, Türkiyənin tikinti şirkətləri ilə əməkdaşlıq, turizm, səhiyyə, gənclər və idman sahələrində birgə fəaliyyət perspektivlərinə toxunub.
Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Aydar Aripkhanov isə bildirib ki, sərmayələr, ticarət, tranzit, gömrük sahələrində əməkdaşlıq perspektivləri var. O, Şuraya üzv-ölkələri arasında iqtisadi əməkdaşlığa dair proqram sənədin hazırlanmasını təklif edib. **
A.Axundov