Azərbaycan xalqı dünyada geniş yayılmış islamofobiya siyasətinin qurbanı olub. Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
«Təəssüf ki, bu gün dünyada qədim mədəniyyətə və tarixə malik müsəlman şəhərləri fəal şəkildə məhv edilir. Dünyada yürüdülən islamofobiya siyasətinin qurbanlarından biri də azərbaycanlılardır», - deyə o, bu gün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatında bildirib.
Ə.Həsənovun sözlərinə görə, Qərb tolerantlıq və demokratiya adı altında qədim islam sivilizasiyasına aid abidələri məhv edir.
«Qonşumuz ermənilər qədim Azərbaycan şəhəri olan İrəvanda bütün müsəlman, türk və Azərbaycan tarixi və mədəni irsini məhv ediblər. Bu gün Suriyanın Palmira və başqa şəhərlərində də bu vandallıq baş verir. Bu şəhərlər bombalanmaqla buradakı qədim tarixi və mədəni abidələr məhv edilir. Qərb terrorçuların olması bəhanəsi ilə bu şəhərləri havadan bombalayır», - deyə prezident köməkçisi qeyd edib.
O vurğulayıb ki, Azərbaycanda bütün dinlərə və xalqlara hörmətlə yanaşılır.
Ə.Həsənov əlavə edib ki, etnik təmizləməyə və işğal siyasətinə məruz qalmış azərbaycanlıların gücü coğrafiyada deyil. “Gücümüz milli iradəmizdədir”, - deyə o vurğulayıb.
Ə.Həsənov dünya ermənilərinin apardığı antiazərbaycan təbliğatına qarşı mübarizənin gücləndirilməsinin vacibliyini qeyd edib.
«Biz yalançı erməni təbliğatına qarşı mübarizə aparmaq üçün səylərimizi son dərəcə gücləndirməliyik. Onlar internet-resurslarda hər hansı bir dezinformasiya yerləşdirən kimi bütün dünya xristian olduqları üçün onlara inanır. Buna görə də biz daha fəal şəkildə mübarizə aparmalıyıq. Heydər Əliyevin dediyi kimi, ermənilərlə qonşuluq Azərbaycan qarşısında onların yaydığı dezinformasiyaya, təhdidlərə qarşı mübarizə aparmaq, mədəniyyət və tariximizin təhlükəsizliyini təmin etməklə bağlı ciddi vəzifə qoyur”, - deyə prezident köməkçisi bildirib.*
R.Babayev