MDB ölkələrinin liderləri prezident İlham Əliyevi 55 illik yubileyi münasibətilə təbrik edirlər.
«Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək», - deyə Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin təbrik məktubunda bildirilir.
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko preziddent İ.Əliyevin adına ünvanladığı təbrik məktubunda Belarus-Azərbaycan əməkdaşlığını keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq üçün qarşılıqlı səylərin artıq yaxın gələcəkdə hiss olunan nəticələr verəcəyinə əminlik ifadə edib.
Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev isə qeyd edib ki, özbək və Azərbaycan xalqlarını tarixin və zamanın sınağından çıxmış çoxəsrlik həqiqi dostluq və qarşılıqlı hörmət münasibətləri, ortaq və yaxın mədəniyyət, adət və ənənələr sıx bağlayır. “Ötəri olmayan bu dəyərlər Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı anlaşma və etimad prinsiplərinə, ölkələrimizin və xalqlarımızın mənafeyi, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi naminə səmərəli qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli və möhkəm zəmin yaradır”, - deyə o vurğulayıb.
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunda deyilir: “Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk”.
Bütün liderlər Azərbaycan prezidentinə möhkəm cansağlığı, səadət və uğurlar arzulayıblar.
Qeyd edək ki, dekabrın 24-də prezident İ.Əliyevin doğum günüdür.*
R.Babayev