Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə Azərbaycanda qanunsuz olaraq ağacların kəsilməsi, yaşıllıqların və meşə sahələrinin məhv edilməsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərin mətni dövlət başçısının saytında dərc edilib.
Dəyişikliklər meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsinə görə fiziki şəxslərin iki min manat, vəzifəli şəxslərin dörd min manat, hüquqi şəxslərin iyirmi beş min manat miqdarında cərimə edilməsini nəzərdə tutur.
Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədilən analoji əməllərə görə fiziki şəxslər iki min iki yüz manat, vəzifəli şəxslər beş min manat, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə ediləcək.
Magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə görə fiziki şəxslərə iki min beş yüz manat, vəzifəli şəxslərə altı min manat, hüquqi şəxslərə qırx min manat miqdarında cərimə kəsiləcək.
Su obyektlərinin və su təsərrüfatı obyektlərinin (su anbarları da daxil olmaqla) mühafizə zolağında yerləşən yaşıllıq sahələrində hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə kəsilməsinə görə fiziki şəxslər üç min manat, vəzifəli şəxslər yeddi min manat, hüquqi şəxslər qırx beş min manat cərimələnəcək.*
R.Babayev