Axtarış-xilasetmə Qərargahı Xəzərdə estakadanın uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışında “DRON” tipli pilotsuz uçan aparatlarından istifadə edir. Bu barədə Qəragahdan məlumat verilib.
“Aaxtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hazırda Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar”, - deyə məlumatda deyilir.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.
Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. Bir neftçinin meyiti ötən gün tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Baş Prokurorluq prezident İlham Əliyevin 2016-cı il dekabrın 15-də Xəzər dənizində Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması barədə imzaladığı sərəncamın icrası ilə əlaqədar hadisənin texniki səbəblərinin müəyyən edilməsi, müvafiq istintaq hərəkətlərinin aparılması, o cümlədən xüsusi biliklərə malik olan mütəxəssislər cəlb olunmaqla texniki təhlükəsizlik və digər ekspertizaların keçirilməsi zərurətini nəzərə alaraq faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işiaçıb.
Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.
SOCAR hadisə nəticəsində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirməli, hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir.
O cümlədən, ARDNŞ tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırmalıdır. **
N.Abbasova