Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) respublikann iqtisadi inkişafına dəstək məqsədilə $500 mln. məbləğində kredit sazişi imzalayıb.
Sazişin mətni bankın saytında dərc edilib.
Kredit sazişini maliyyə naziri Samir Şərifov və AİB-in Bakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov imzalayıblar.
Qeyd edək ki, AİB dekabrın 7-də Azərbaycana $500 mln. məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit Azərbaycanda sosial xərclərə, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına yönəldiləcək.
Vəsait AİB ölkələrinə dəstək üzrə antiböhran proqramı (Countercyclical Support Facility, CSF) çərçivəsində ayrılıb.
Azərbaycan hökuməti kredit vəsaitini $1,4 mlrd. dəyərində antiböhran tədbirlər paketinin reallaşdırılmasına yönəltməyi planlaşdırır.
AİB vurğulayır ki, son iki ildə neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün çətinliklər yaradıb. Bankın qiymətləndirmələrinə görə, neft və qazın satışından əldə olunan gəlir ÜDM-in 30%-ni, dövlət büdcəsi gəlirlərinin 60%-ni, ixracdan əldə olunan gəlirlərin 90%-dən çox hissəsini formalaşdırır. Belə vəziyyət iqtisadi resessiyaya, manatın devalvasiyasına, əhalinin real gəlirlərinin azalmasına səbəb olub.
AİB, həmçinin islahatların hazırlanmasına dəstək məqsədilə Azərbaycana $1,2 mln. məbləğində texniki yardım göstərir.*
A.Əzizov