SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları uçmuş estakadanın qalıqlarının arasında itkin düşmüş neftçilərin olması ehtimalını yoxlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Axtarış-xilasetmə Qərargahından məlumat verilib.
“SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik olan “Şirvan-3” kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir. İndiyə kimi çoxsaylı qaldırma əməliyyatları ilə estakada qalıqlarının müəyyən hissəsi sudan çıxarılıb. 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir”, - deyə məlumatda bildirilir.
Estakadanın qalıqlarının təmizlənməsində məqsəd qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır.
“Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutkaboyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır”, - deyə məlumatda qeyd edilir.*
N.Abbasova