Prezident İlham Əliyev “TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı ilə təltif edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Medalı bu gün dövlət başçısına Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin təqdim edib.
““TürkPA-nın inkişafındakı xüsusi xidmətlərə görə” medalı təsis edilib və yekdil qərara əsasən ilk medala türkdilli ölkələrin həmrəyliyinin və birliyinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan prezidenti layiq görülüb”, - deyə N.Niqmatulin bildirib.
“Türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi qəbul edilir”, - deyə prezident İ.Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Dursunbekovla görüşdə vurğulayıb.
Dövlət başçısı vurğulayıb ki, türkdilli ölkələr həm ikitərəfli, həm çoxtərəfli formatda, həm də BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün səylər göstərir, hansısa türkdilli ölkənin təmsil olunmadığı beynəlxalq təşkilatda digər türkdilli dövlət onun mövqeyini dəstəkləyir və həmrəylik nümayiş etdirir.
“Azərbaycan gələcəkdə də türkdilli ölkələrin daha da yaxınlaşmasına, xalqlarımızın bir-birini dəstəkləməsinə töhfə verəcək”, - deyə İ.Əliyev vurğulayıb.
Görüşdə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılmasının əhəmiyyəti qeyd olunub.*
R.Babayev