Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın, hərbçilərin, Aleksandrov adına mahnı və rəqs ansamblının üzvləri və digər mülki şəxslərin faciəvi şəkildə həlak olmaları xəbəri məni dərindən sarsıtdı. Baş vermiş hadisə ilə əlaqədar həlak olanların ailələrinə, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı verir və Sizinlə birlikdə onların dərdlərinə şərik oluram", - deyə başsağlığı məktubunda bildirilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsidekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra radardan itib. Təyyarədə 92 sərnişin - hərbçilər, jurnalistlər, Aleksandrov adına mahnı və rəqs ansamblının musiqiçiləri və “Ədalətli yardım” fondunun rəhbəri Yelizaveta Qlinka olub. Təyyarə Suriyaya uçurdu.*
A.Əzizov