Paytaxtda 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksi 2018-ci ildə istifadəyə veriləcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Bu, Yasamal rayonunda reallaşdırılan ilk layihədir (sosial mənzil tikintisi). Burada 29 yaşayış binası, uşaq bağçası, məktəb tikintisi planlaşdırılır”, - deyə İ.Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində bildirib.
Prezidentin sözlərinə görə, yaşayış kompleksi 1,8 min mənzil daxildir. “Ümid edirəm ki, 2018-ci ildə bu ilk layihənin açılış mərasimini qeyd edəcəyik”, - deyə dövlət başçısı qeyd edib.
Ümumi sahəsi 11,6 hektar olan şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək.
Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq.
Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlər də tikiləcək. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta təhsil məktəbi də var.**
R.Babayev