Axtarış-xilasetmə Qərargahı “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağında estakadanın uçması nəticəsində itkin düşən 9 neftçinin axtarış zonasını genişləndirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qərargahdan məlumat verilib.
“44 gəmi və üzən vasitə, 6 helikopter, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvə və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları cəlb edilməklə, uzunluğu 145 km, eni isə 120 km olan geniş ərazidə fasiləsiz olaraq axtarış-xilasetmə əməliyyatları davam etdirilməkdədir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz "ROV" sualtı aparatlar quraşdırılan "Məmməd Süleymanov" "Təbriz Xəlilbəyli" axtarış-xilasetmə gəmiləri uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməkdədir. Axtarış-xilasetmə əməliyyatları zamanı uçan estakadaya aid olduğu ehtimal edilən 100 çeşiddən artıq əşya tapılaraq aidiyyatı üzrə təhvil verilib.*
N.Abbasova