Prezident İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif edib.
R.Abdulatipov Azərbaycan və Rusiya, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə bu ordenlə təltif olunub.
«Dağıstan ilə Azərbaycan arasındakı münasibətlər Rusiya ilə Azərbaycan arasında sürətlə inkişaf edən və artıq çoxdandır strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrin vacib amilidir», - deyə dövlət başçısı mükafatı Dağıstan rəhbərinə təqdim edərkən bildirib.
Onun sözlərinə görə, iki gün bundan əvvəl telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.
İ.Əliyev qeyd edib ki, son 3 il ərzində V.Putin 3 dəfə Azərbaycanda olub. “Bu, özlüyündə bir göstəricidir. Bizim müxtəlif sahələri əhatə edən və çoxplanlı dövlətlərarası münasibətlərimizdə Dağıstan ilə əməkdaşlıq həmişə xüsusi yer tutur. Bizim üçün Dağıstan Rusiyanın bütün regionları arasında ən yaxın, ən əziz diyardır”, - deyə o vurğulayıb.*
R.Babayev