Azərbaycan və İran 2017-ci ildə əlaqələrin inkişafı ilə bağlı yol xəritəsi hazırlayacaqlar. Bunu İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.
Prezident İlham Əliyev dekabrın 27-də İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri M.Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“M.Vaezi ona İran prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində prezident İ.Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirib”, - deyə dövlət başçısının saytında verilən məlumatda bildirilir.
Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olunub.
“Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirilib”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.*
N.Abbasova