Maliyyə Sabitliyi Şurası “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq.
Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə imzaladığı fərmanda bu cür tapşırıq verilib.
Maliyyə Sabitliyi Şurasına Azərbaycanın baş naziri sədrlik edir.
Fərmana əsasən, Maliyyə Sabitliyi Şurası 2017-ci il üçün pul proqramını, “2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”nı, o cümlədən “Azərbaycan Beynəlxalq Bankı” ASC-in sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirlər də daxil olmaqla, 2016-cı ilin sonuna qədər təsdiq etməli və tədbirlər planına uyğun olaraq icrasını təmin etməlidir.
Bundan əlavə, Azərbaycan Mərkəzi Bankına tövsiyə olunur ki, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görsün.
Sənədə əsasən, ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının fəaliyyətinin təkmilləşdirilməsi və qəbul etdiyi qərarların effektiv icra mexanizmlərinin yaradılması ilə bağlı Şuranın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasına dair təkliflərini üç ay müddətində Azərbaycan prezidentinə təqdim etmək lazımdır. **
A.Əzizov