Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kapital Bank”ın Zərdab filialında aşkar edilmiş nöqsanlar barədə materiallar Baş Prokurorluğa göndərilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətə əsasən, kənd təsərrüfatı məhsulları istehsalçısı Şəhla İsmayılovaya ödəniləcək yardımın məbləği 9,9 min manat göstərildiyi halda, “Kapital Bank” ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5 min manat ödənilib. Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmalar zamanı Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə Zərdab rayon komissiyasından “Kapital Bank” ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib.Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37 min 185,5 manat fərq var”, – deyə məlumatda bildirilir.
Şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı Kənd Təsərrüfatı Nazirliyinin internet saytında http://agro.gov.az/subsidiyalar ünvanında yerləşdirilir.*
A.Axundov