“CRM GROUP” MMC Pirallahı Yüksək Texnologiyalar Parkının ikinci rezidenti oldu. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Bu şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının ikinci rezidenti oldu. Şirkətin təqdim etdiyi “CRM IT INNOVATION PRODUCTS” layihəsinin Pirallahı adasında, Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub”, - deyə məlumatda deyilir.
“CRM GROUP” hazırda ölkəyə idxal olunan məhsulların yerli əvəzedicilərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır.
“CRM GROUP” MMC şirkətinin məqsədi Azərbaycan və regional informasiya texnologiyaları bazarının tələblərinə əsasən, yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin informasiya texnologiyaları innovasiyalarının “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir”, - deyə məlumatda vurğulanır.
Həmçinin şirkət 2020-ci ilədək Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribüteri olması, həmçinin informasiya texnologiyaları proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməyi planlaşdırır.
Prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə Bakının Pirallahı rayonunda 50 hektar torpaq sahəsində Yüksək Texnologiyalar Parkı yaradılıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır. **
N.Abbasova