Bloger Aleksandr Lapşin Belarus prokurorluğu tərəfindən 2 ay müddətinə həbs olunub. Bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bəyan edib.
“Bloger Lapşin iki ay müddətinə saxlanılıb. Hazırda iki ölkənin hüquq-mühafizə orqanları arasında onun ekstradisiyasına dair danışıqlar aparılır”, - deyə G.Axramoviç bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə. “əgər bu və ya digər şəxsin ekstarisiyasına dair sorğunun hüquqi əsası varsa, o zaman hüquq pozucusunun verilməsində heç bir problem yoxdur”.
Xəbər verildiyi kimi, Azərbaycan tərəfinin sorğusu əsasında, Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində blogür A.Lapşin saxlanılıb.
Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.**
F.İsazadə