11-14 fevral 2017-ci il tarixində İqtisadiyyat Nazirliyi Qətər Əmirliyinə ixrac missiyası təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
İxrac missiyasına süd və süd məhsulları, ət və ət məhsulları, meyvə- tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, kosmetologiya məhsulları, kimya məhsulları istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri daxil olacaq.
“İxrac missiyasına daxil olmaq istəyən şirkətlərdən təkliflər yanvarın 16-dək qəbul olunacaq”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, nazirlik 5-8 fevral 2017-ci ildə Əfqanıstana, 8-11 fevral tarixlərində isə Pakistana ixrac missiyaları təşkil edəcək.
Xəbər verildiyi kimi, noyabr ayında Azərbaycan ixrac həcminin artırılması məqsədilə müxtəlif ölkələrə ixrac missiyaları təşkil edib. Xüsusilə, Çin və Birləşmiş Ərəb Əmirliklərinə iki missiya artıq təşkil olunub. **
A.Axundov