Bakıda daha 2 «ASAN kommunal» Mərkəzi açılacaq.
“2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək. Bu mərkəzlərdə də vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılacaq“, - deyə bu gün Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyevə məlumat verilib.
Dövlət başçısının saytında bildirilir ki, pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653,6 min vətəndaşa xidmət edəcək.
İ.Əliyev, həmçinin Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Səyyar “ASAN qatar” regionlarda vətəndaşları dövlət xidmətləri ilə təmin edəcək. Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.
Ölkəmizdə geniş dəmiryolu şəbəkəsindən, mövcud infrastrukturdan, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara yeni konsepsiya ilə xidmət göstərilməsi nəzərdə tutulur.
“ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq.*
R.Babayev