Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 190 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2015-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. Beləliklə, ötən illə müqayisədə bu il SKMF-in xətti ilə sahibkarlara verilən kreditlərin həcmi 23,5% azalıb.
Güzəştli kreditlərin 74%-i respublikanın regionlarının, 26%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib.
Bu il 2500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsi 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Dekabrın 28-də SKMF Xırdalan şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair tədbir keçirib.
“Tədbir çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara ümumilikdə 7,7 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması hesabına 180-dən artıq iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 200 mln. manata yaxın məbləğdə kreditin verilməsi nəzərdə tutulmuşdu.*
N.Abbasova