Prezident İlham Əliyev Rusiyada yaşayan hər bir azərbaycanlını bu ölkənin layiqli vətəndaşı olmağa çağırıb.
“Diaspor quruculuğu məsələsinə daim böyük önəm verən Azərbaycan dövləti Rusiya Federasiyasında məskunlaşmış azərbaycanlı icmalarının pozitiv, yaradıcı və əhəmiyyətli sosial fəaliyyətini yüksək dəyərləndirir. Hesab edirəm ki, hər bir azərbaycanlı ilk növbədə yaşadığı ölkənin layiqli vətəndaşı olmalı, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak etməli, onun inkişafına öz dəyərli töhfəsini verməlidir”, - deyə İ.Əliyevin Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayının iştirakçılarına müraciətində deyilir.
Bu gün Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı öz işinə başlayıb.
Dövlət başçısı əmindir ki, Ümumrusiya Azərbaycan Konqresinin ali toplantısı da işgüzar şəraitdə və konstruktiv ruhda keçəcək, irəli sürülən ideyalar və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa, azərbaycanlıların dost Rusiyanın çoxmillətli cəmiyyətinə sıx inteqrasiyasına, iki ölkə arasında strateji əməkdaşlığın inkişafına əlavə imkanlar açacaq. **
F.İsazadə