Azərbaycan hökuməti 2017-2020-ci illərdə istilik təchizatının yaxşılaşdırılması sahəsində layihələrin icrasına 190 mln. manat investisiya yönəltməyi planlaşdırır.
“2017-2020-ci illərdə Bakı şəhərində və respublikanın regionlarında mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması ilə bağlı ümumilikdə 2915 layihə icra ediləcək. Həmin layihələrin 2545-i yaşayış binalarında və sosial obyektlərdə aşağı paylama və məhəllədaxili istilik sistemlərinin yenidən qurulmasına, 55-i istilik enerjisinin paylanması funksiyasını yerinə yetirən istilik məntəqələrinin tədricən yenidən qurulmaqla, məhəlli qazanxanalara çevrilməsinə, 84-ü mövcud qazanxanaların modernləşdirilməsinə, 55-i yeni istilik mənbəyinin yaradılmasına, 176-sı qazanxanaların qazlaşdırılmasına aiddir”, - deyə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.
Bu prioritet üzrə qeyd edilən layihələrin icrası üçün 190 mln. manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.
“Eyni zamanda, bu prioriteti həyata keçirməklə, 2020-ci ildə real ÜDM-in 12 mln. manat məbləğində artması və 950 yeni iş yerinin yaradılması proqnozlaşdırılır”, - deyə sənəddə bildirilir.
Hökumətin qiymətləndirmələrinə görə, bu layihələr 2015-ci illə müqayisədə səmərəlilik nəzərə alınmaqla, istilik enerjisi istehsalının həcminin 427 min Qkal artırılaraq 1767 min Qkal səviyyəsinə çatdırılmasına imkan verəcək.
“İstilik təchizatının əhatə dairəsinin genişləndirilməsi ilə 2017–2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayı 50,4% artırılaraq 5689-a çatdırılacaq ki, ki, bu da istiliklə təmin edilməsi nəzərdə tutulan binaların ümumilikdə 87%-ni təşkil edəcək”, - deyə Yol Xəritəsində qeyd olunur.*
A.Əzizov