Azərbaycan hökuməti 2020-ci ilin sonunadək istilik və su elektrik stansiyalarının tikintisinə investisiya qoyuluşlarını 1 mlrd. 950 mln. manat məbləğində qiymətləndirir.
Bu barədə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
“2020-ci ilədək istehsal gücünün 1900 MVt artırılması çərçivəsində (hazırda planlaşdırılan 900 MVt istehsal gücü də daxil olmaqla) 1500 MVt istehsal gücünün yaradılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi ilə bağlı (yalnız istilik və su elektrik stansiyalarının tikintisi nəzərə alınmaqla) 1 mlrd. 950 mln. manat investisiya tələb olunacağı proqnozlaşdırılır”, - deyə sənəddə bildirilir.
Bu vəsait dövlət və özəl mənbələr hesabına maliyyələşən investisiyaları əhatə edir.
Yol Xəritəsində qeyd olunur ki, 2020-ci ilin sonunadək enerji portfelinin şaxələndirilməsi məqsədilə 350 MVt külək, 50 MVt günəş enerjisinin və 20 MVt bioenerjinin əldə edilməsinə investisiya qoyuluşunun həyata keçirilməsi planlaşdırılır. Bu prioritet üzrə yeni elektrik stansiyalarının (külək, günəş enerjisi və bioenerji) tikintisinə təqribən 1 mlrd. 40 mln. manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.
“Bu istiqamətdə görülmüş tədbirlər nəticəsində qənaət edilmiş təbii qaz (təbii qaz qurğularından) Trans-Adriatik qaz kəməri və Trans-Anadolu qaz kəməri (TAP/TANAP) vasitəsilə Avropaya ixrac olunacaq”, - deyə sənəddə vurğulanır.*
N.Abbasova