Azərbaycan hökuməti yeni su boru xətlərinin modernləşdirilməsi və tikintisi üçün investisiya qoyuluşunu 1 mlrd. 135 mln. manat məbləğində qiymətləndirir.
Bu barədə Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində deyilir.
“Yeni su boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 mlrd. 135 mln. manat investisiya qoyuluşu tələb olunur (investisiya həcmi üzrə əlavə texniki-iqtisadi əsaslandırmanın aparılması vacibdir)”, - deyə sənəddə qeyd olunur.
“Azərsu” ASC yuxarıda göstərilənlərdən əlavə, nəticələrin əldə edilməsi üçün investisiya proqramı da hazırlayıb. Bu proqram kanalizasiya sisteminin inkişafı, tullantı sularının təmizlənməsi, su ehtiyatlarının idarəolunması, qrunt və səth sularının idarəolunması kimi mövzuları əhatə edir. Proqram üzrə iqtisadi və texniki əsaslandırma hökumətə ayrıca təqdim ediləcək.
2011–2014-cü illər ərzində dövlət tərəfindən su və kanalizasiya xidmətləri təsərrüfatının modernləşdirilməsinə və idarə edilməsinə böyük həcmdə investisiya qoyulub. Belə ki, qeyd olunan dövr ərzində bu sahəyə 2,7 mlrd. manat vəsait ayrılıb.
Yol Xəritəsinə əsasən, “Azərsu” ASC-nin paylanmada olan itkilərinin 31 faizdən 25 faizədək endirilməsi üçün su infrastrukturunun modernləşdirilməsinə 845 mln. manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.
2011-ci illə müqayisədə 2015-ci ildə istehlakçıların içməli su ilə təchiz edilməsi üçün mənbədən götürülən suyun son istehlakçıya çatdırılması zamanı baş vermiş itkilərin səviyyəsi azalaraq 52 faiz təşkil etsə də, bu göstəricinin daha da yaxşılaşdırılmasına zərurət var. Ev təsərrüfatlarına suyun paylanması zamanı yaranmış itkilər təxminən 30-32 faiz təşkil edir ki, bu da bir sıra ölkələrin müvafiq göstəricisi ilə müqayisədə (Türkiyə - 12 faiz, Polşa - 10 faiz, Yunanıstan - 8 faiz, Almaniya - 4 faiz) yüksəkdir. Yerdə qalan digər itkilər isə kommersiya itkiləri hesab edilməklə, təxminən 20 faiz həddində olub.
Son dövrlər su və kanalizasiya sektoruna qoyulmuş dövlət investisiyaları hesabına Azərbaycan Respublikasında sayğaclı və qeydiyyatdan keçmiş istehlakçıların sayı artıb. Belə ki, 2015-ci ildə sayğaclaşma səviyyəsi 61 faizə çatıb. Kommersiya və sənaye istehlakçı qrupları arasında sayğaclaşma səviyyəsi 80 faiz təşkil edir. Respublikada 2 milyondan artıq ev təsərrüfatından cəmi 792 mininin su sayğacları üzrə qeydiyyatdan keçdiyini, habelə mövcud qanunvericilikdə qeyri-əhali qrupu üzrə sayğaclaşmanın sifarişçi hesabına olduğunu nəzərə aldıqda qeyd etmək olar ki, bu sahənin təkmilləşdirilməsinə ehtiyac var.
1 oktyabr 2016-cı il tarixinə “Azərsu” abunəçilərinin ümumi sayı 1 mln. 350 min təşkil edir.*
N.Abbasova