Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribatının qarşısının alınması nəticəsində Azərbaycan tərəfinin guya 7 hərbçi itirməsi xəbəri həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Ermənistan tərəfi Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur", - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Çingiz Qurbanov itkin düşüb. **
F.İsazadə