Bu gün Milli Məclisin plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun qəbul edilib.
"Qanun 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tam, maliyyə sanksiyalarının mərhələli şəkildə silinməsini nəzərdə tutur. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən sanksiyaların tam, digər maliyyə sanksiyalarının isə mərhələli şəkildə silinməsi nəzərdə tutulur", - deyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Qanuna əsasən vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək.
Vergilər Nazirliyi hesab edir ki, qanun layihəsi çərçivəsində təxminən 624 mln. manat məbləğində vəsaitin silinməsi təmin olunacaq.
Qanun 44,704 min vergi ödəyicisini əhatə edəcək. Bunun 1,037 mini dövlət sektorunda, 43,667 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.*
A.Axundov, R.Babayev