Azərbaycan hökuməti 2020-ci ilə qədər telekommunikasiya və informasiya texnologiyaları sahəsinin inkişafına investisiyaları 585 mln. manat səviyyəsində qiymətləndirir.
Bu barədə cümə günü dərc olunan Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur.
“Qeyd edilən strateji məqsədlərin reallaşdırılması üçün Azərbaycana potensial olaraq 585 mln. manat investisiya qoyuluşu tələb olunur ki, bunun sayəsində 2020-ci ildə real ÜDM-in 235 mln. manat artacağı, telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı gözlənilir”, - deyə sənəddə deyilir
Texnologiya və informasiya sistemlərinin qurulması, habelə, tələb olunan xidmətlərin təşkili üçün 2020-ci ilədək, ümumilikdə, 290 mln. manat investisiya qoyuluşu, 125 mln. manat - telekommunikasiya bazarının liberallaşdırılması, 95 mln. manat - dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi, 60 mln. manat - mobil infrastruktura investisiya qoyuluşlarının artırılması, 15 mln. manat - rəqəmsal ödənişlərin genişləndirilməsi üçün tələb olunur.
Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir: büdcədənkənar fondlar; Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti; Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti; yerli büdcələr; mülkiyyət formasından asılı olmayaraq, yerli idarə, müəssisə və təşkilatların vəsaitləri; birbaşa xarici investisiyalar; ölkə bank sisteminin kreditləri və qrantlar; beynəlxalq təşkilatların və xarici dövlətlərin kreditləri, texniki və maliyyə yardımları; maliyyə bazarlarının alətləri; qanunvericiliklə qadağan olunmayan digər mənbələr. **
N.Abbasova