Azərbaycan hökuməti LTE və başqa simsiz texnologiyalar üzrə genişzolaqlı xidmətlərin əhatə dairəsini 85%-ə çatdırmağı planlaşdırır.
Bu barədə cümə günü dərc olunan Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilir.
“Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlər üzrə aşağıdakı aralıq indikatorlar müəyyən edilib: LTE və başqa simsiz texnologiyalar üzrə genişzolaqlı xidmətlərin əhatə dairəsinin, hər il 10% genişləndirilmək yolu ilə 2020-ci ildə 70%-ə, 2025-ci ildə 85%-ə, 2025-ci ildən sonra isə 100%-ə çatdırılması”, - deyə sənəddə deyilir.
Həmçinin hökumət Azərbaycanda sabit genişzolaqlı şəbəkədə bir istifadəçinin internetdən istifadə sürətinin cari 3,6 Mbit/s orta sürətdən 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasını nəzərdə tutur.
Həmçinin hökumətin planlarına mobil abunəçi sayının 2020-ci ilədək minimum hazırkı səviyyədə qorunub saxlanılması, mobil rabitə əlaqələri üzrə adambaşına düşən xərclərin istehlak səbətindəki payının cari 0,37%-dən 1,41%-dək artırılması daxildir.
O cümlədən, beynəlxalq şlüzlərə qoşulan operatorların sayının 2020-ci il üçün cari 2 operatordan ən azı 3 operatora qədər artırılmasına ümid edir. **
N.Abbasova