Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsinə 2020-ci ilədək 3 mlrd. 160 mln. manat məbləğində investisiya tələb olunacaq. Bu barədə bu gün dərc edilmiş sənəddə deyilir.
“Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır. 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 400 milyon birbaşa və 205 milyon dolayı olmaqla, ümumilikdə 605 milyon manat artacağı və 10900 birbaşa və 8000 dolayı olmaqla, 18900 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır”, - deyə sənəddə bildirilir.
Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsinə 1,4 mlrd. manat, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksinin yaradılması, Bakı-Tbilisi-Qars və Astara (Azərbaycan) – Astara (İran) dəmir yollarının tikintisi layihələrinin başa çatdırılmasına 1,2 mlrd. manat, Bakının regional əhəmiyyətli ticarət qovşağına çevrilməsi üzrə tədbirlərə 430 mln. manat, Bakıda və ölkənin digər ərazilərində logistika və ticarət mərkəzlərinin yaradılmasına 130 mln. manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.
Yol Xəritəsinə, həmçinin investisiya tələb etməyən iki prioritet istiqamət də daxildir - Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi və özəl sektorun logistika sahəsində iştirakının gücləndirilməsi.*
A.Axundov