Axtarış-xilasetmə Qərargahı 15 dekabr 2016-cı il tarixində “Səngəçal-Xərə-Zirə-Duvannı” yatağında estakadanın uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışının gücləndirilmiş rejimə keçməsinə dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qərargahdan məlumat verilib.
“Qeyd olunan sektorlarda axtarış-xilasetmə əməliyyatları davam edir. Axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində suüstü və sualtı maneələri və çoxsaylı qeyri-yaşayış adalarını nəzərə alaraq, su üzərində və suyun altında həmin istiqamətlərdə axtarışların gücləndirilmiş rejimdə həyata keçirilməsinə dair qərar qəbul olunub”, - deyə məlumatda deyilir.
Qərargahdan bildiriblər ki, axtarışlara cəlb olunan canlı qüvvə, gəmilər və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu fasiləsiz axtarış tədbirləri həyata keçirirlər. Mütəxəxssislər bir daha hidrometeoroloji vəziyyəti və küləyin istiqamətini təhlil ediblər. Suyun altında da estakadanın uçduğu ərazidə təmizlənmə prosesi davam edir. **
N.Abbasova