Azərbaycan prezidenti İlham Əliyev ölkənin pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
“Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz bizim ölkəmizdə təşəkkül tapmışdır. Səmavi dinlər burada əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında əmin-amanlığın, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında misilsiz tarixi rol oynamışdır. Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik, etnik-dini dözümsüzlük halları mövcud olmayıb”, - deyə dövlət başçısının saytında bu gün dərc olunan İ.Əliyevin təbrik məktubunda deyilir.
İ.Əliyev qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir.
“Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılıb”, - deyə məktubda vurğulanır.
Dövlət başçısı bildirib ki, çoxkonfessiyalı və çoxmillətli Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması həmişə olduğu kimi, bu gün də, sabah da ölkəmizin tərəqqisi və inkişafı naminə öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirəcək.
“Şəfqət və mərhəmət duyğularının, təmiz və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik, ailələrinizə firavanlıq arzulayıram”, - deyə sənəddə qeyd olunur. **
A.Axundov