Azərbaycanda birdəfəlik şprislərin istehsalı planlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevbəyan edib.
“Əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır”, - deyə Ş.Mustafayev “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır.
“Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədləri hazırlanır. Eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görülür”, - deyə nazir vurğulayıb. **
A.Axundov