2016-cı ildə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 79 mln. 101 min 900 kvadratmetr ərazi yoxlanılıb, 40,072 min ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
O cümlədən, 2016-cı ilin dekabr ayında ANAMA tərəfindən 2 mln. 352 min 225 kvadratmetr ərazi yoxlanılıb, 1,068 min ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə və 13 ədəd piyada əleyhinəmina aşkar edilərək zərərsizləşdirilib.
Dekabrda əməliyyatlarda 489 nəfər minaaxtaran mütəxəssis və 130 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 393 mln. 832 min 826 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 754,010 min ədəd təşkil edir.
ANAMA mütəxəssisləri təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Tərtər, Göygöl, Qazax, həmçinin Bakıda, xüsusilə Qaradağ rayonu ərzisində və Güzdək qəsəbəsində davam etdirirlər.
2016-cı ilin dekabr ayında respublika ərazisində mina/PHS hadisəsi qeydə alınmayıb.**
R.Babayev