2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan $381 mln. 220,9 min dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“İxrac olunan ASK məhsullarının əksər hissəsini meyvə və tərəvəz təşkil edir. Ötən ilin 11 ayı ərzində $215 mln. 408,1 min (artım 11,8%) dəyərində 181,569 min ton meyvə (artım 26,5%) və $121 mln. 23,7 min (artım 40,6%) məbləğində 154,68 min ton tərəvəz (artım 34,8%) ixrac edilib”, - deyə məlumatda deyilir.
Hesabat dövrü ərzində $19 mln. 995,5 min məbləğində (artım 17,6%) 11,926 min ton pambiq (artım 3%) ixrac olunub.
Yanvar-noyabr aylarında $14 mln. 366,3 min (artım 33,9%) dəyərində 12,144 min ton dəri xammalı (artım 59,3%), $7 mln. 306,8 min (artım 12,9%) dəyərində 1,966 min ton (artım 16,4%) tütün məmulatı və $2 mln. 570,9 min (2015-ci ildə həyata keçirilməyib) məbləğində 16,57 min ton yulaf iixrac edilib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycan meyvə və tərəvəz ixracını 7,2% - $312 mln.-a qədər artırıb. **
A.Axundov