Rusiya Federasiyasının “Marine Offshore Contractor” MMC şirkəti “Qurban Abasov” kran gəmisini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürməyi planlaşdırır. Bu barədə XDG-dən məlumat verilib.
Məlumata əsasən, sonuncu təmir zamanı tamamilə modernləşdirilən “Qurban Abasov” kran gəmisinin Xəzərin Rusiyaya aid sularında istismar olunması nəzərdə tutulur.
“Marine Offshore Contractor” gəminin icarəyə götürülməsi ilə bağlı Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlayıb. “AXDG” QSC-nin sədri Rauf Vəliyevlə görüşdə şirkətin nümayəndələri gəmiyə ətraflı baxış keçirdiklərini və onun texniki göstəricilərindən tam razı qaldıqlarını bildiriblər”, - deyə məlumatda deyilir.
R.Vəliyev “Marine Offshore Contractor” MMC-nin etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib.
“Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub”, - deyə məlumatda vurğulanır.
“Qurban Abasov” kran gəmisi 1988-ci ildə Xəzər dənizinə gətirilib. Gəminin uzunluğu 149 metr, eni - 54 metr, hündürlüyü - 38 metr təşkil edir. Bu gəmi 600 ton yükqaldırmaya malikdir. Bu gəmidən dünyada 4 ədəddir ki, bunlardan ikisi Azərbaycandadır. İkinci bu növ gəmi «General Əliağa Şıxlinski» gəmisidir. **
N.Abbasova