Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının dövlət başçısı Həsən Ruhaniyə bu ölkənin keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi”, - deyə məktubda deyilir.
İ.Əliyev vurğulayıb ki, İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. “Onun əziz xatirəsi daim yaşayacaq”, - deyə məktubda bildirilir.
Əli Əkbər Haşimi Rəfsəncani dünən 82 yaşında ürək xəstəliyindən vəfat edib.
Əli Əkbər Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. **
R.Babayev